Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    1 Aprelin 7-də YAP Yevlax rayon təşkilatının konfrans zalında 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar “İslam həmrəyliyi və zamanın  çağırışı” mövzusunda tədbir keçirilmişdir.

    Şəhər İcra Hakimiyyəti ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax regional şöbəsinin birgə keçirdikləri tədbirə təhsil, mədəniyyət, gənclər, bir sıra ictimai qurumların nümayəndələri və din  xadimləri dəvət olunmuşdu.

    Tədbiri  giriş  sözü  ilə  ŞİH Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Məmmədova açmışdır. O, xalqımızın 14 əsrdən bəri inanc gətirdiyi İslam  dininin, müqəddəs Quranın milli-mənəvi və dünyəvi dəyərlərə söykəndiyindən danışmış, dinindən, dilindən və irqindən asılı olmayaraq müqəddəs Quranın, İslam dininin yarandığı və nazil olunduğu gündən bütün insanların inancına, əqidəsinə  hörmətlə yanaşmağı təbliğ etdiyini vurğulamışdır. Buna canlı misal  olaraq ölkəmizi nümunə  göstərən natiq möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi məqsədyönlü, xeyirxah və humanist siyasət sayəsində Azərbaycanın dünyada, multikultural, tolerant dövlət kimi tanındığını, ölkə daxilində dini etiqad azadlığının tam hökm sürdüyünü  yüksək dəyərləndirmiş, insanların dini ibadətlərini yerinə yetirmələri üçün məscid, məbəd, kilsə, müqəddəs ibadət və ziyarətgahların inşasına xüsusi önəm verildiyini demişdir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev müzakirə olunan mövzu üzərində daha geniş dayanmışdır.

    Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2017-ci ili ölkəmizdə rəsmi olaraq “İslam həmrəyliyi ili” elan etməsini bütün  dünyaya bir-birimizə qarşı dözümlü olmağı, hörmətlə yanaşmağı, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacarmağa çağırış kimi dəyərləndirmişdir. O, öz çıxışında təəssüflə qeyd etmişdir ki, bəzi hegemon ölkələr millətlərə xoşbəxtlik, firavan həyat, ölkələrə demokratiya gətirmək bəhanəsi ilə xüsusilə müsəlman dünyasında dini amildən istifadə edir, dini radikal təşkilatlar, terror qrupları yaradır, həmin ekstremist qüvvələrin köməyi  ilə hədəfə aldıqları regionlarda iğtişaşlar, qarşıdurmalar, xaos törədir, hətta  mövcud hakimiyyətin süqutuna nail olurlar. Elə Yaxın Şərqdə-Suriyada, digər müsəlman ölkələrində hələ də davam edən müharibələr, qarşıdurmalar buna  əyani sübutdur. Nəticədə onlar həmin ölkələrə səadət və xoşbəxtlik əvəzinə aclıq, səfalət və ölüm gətirmiş olurlar.

     YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev memarı və yaradıcısı ulu öndər olan müstəqil respublikamızda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının düzgün daxili və xarici siyasəti sayəsində qazandığımız ictimai-siyasi sabitlikdən, əmin- amanlıqdan, multikultural dəyərlərdən və tolerantlıqdan danışmışdır. Bildirmişdir ki, Azərbaycan islam dövlətləri  arasında yeganə ölkədir ki, onun rəhbəri bu ölkələri həmrəyliyə, qayğı və problemləri birgə bölüşməyə, birgə həll etməyə dəvət edir. Lakin bütün bunlara baxmayaraq islam dövlətləri arasında birlik zəifdir. Neçə illərdir ki, ölkəmiz mənfur ermənilərin təcavüzünə məruz qalıb. İnancımız bir olan bəzi islam dövlətləri isə hələ də mövqelərini ortaya qoymur, hətta bizə, islam dünyasına düşmən kəsilən dövlətlərlə iş birliyi qurur, iqtisadi əməkdaşlıq edirlər. Digər bir təhlükə isə odur ki, islam dini pərdəsi altında fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləyən bir sıra üzdəniraq Avropa ölkələri dünyada əks təbliğat aparır, özlərinin törətdikləri cinayəti müsəlmanların ayağına yazaraq cəmiyyətdə islamafobiya xofu yaradırlar. Bir sözlə, dünyada dini radikalizm kimi mənfi meyllərin artdığı bir vaxtda nə yaxşı ki, dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə ictimai-siyasi  sabitlik təmin olunmuşdur və biz bu əmin-amanlığın qədrini bilməliyik.

     Yevlax “Cümə” məscidinin axundu Hacı Namiq Əliyev mövzu ilə bağlı öz fikirlərini Azərbaycanda cərəyan edən hadisələrə iştirakçıların diqqətini yönəltməklə bildirdi. Onu daha böyük fəxrlə söylədi  ki, məhz dövlət başçısının düzgün siyasəti, diplomatik fəaliyyəti, sağlam mövqeyi, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşması xalq tərəfindən rəğbətlə qarşılanır. Elə içində yaşadığımız ilin “İslam həmrəyliyi ili” elan olunması, üstəlik Azərbaycanda “IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi möhtərəm Prezidentimizin dinimizə, imanımıza, inancımıza və etiqadımıza son dərəcə sədaqətli olduğuna əyani sübutdur. Bütün bunlarla bərabər onu da unutmamalıyıq ki, müstəqil Azərbaycanın inkişafını, tərəqqisini gözü götürməyən düşmən qüvvələr də var. Onlar müxtəlif yollarla inkişafımıza mane olmağa çalışır və bu zaman din amilindən istifadə edir, xüsusi emissarlar hazırlayıb ölkəmizə göndərir, iradəsi zəif adamları, xüsusilə gəncləri öz təsirləri altına alırlar. Məhz ona görə də nəinki biz din xadimləri, eləcə də hər bir ölkə vətəndaşı ayıq-sayıq olmalı, radikal dini təşkilatların və qurumların ölkəmizdə əl-qol açmasına, onlara gənclərimizi yağlı vədlərlə aldadıb İŞİD kimi tanınmış terror qruplaşmasının tərkibinə qatmasına imkan verməməliyik.

    İştirakçılardan 4 nömrəli tam orta məktəbin müəllimi Sərdar Məmmədov çıxış edərək bu cür tədbirlərin gənc nəslin təlim-tərbiyəsində həlledici rolu olduğunu vurğulamış, belə tədbirlərin tez-tez orta ümumtəhsil məktəblərinin şagird və pedaqoji kollektivləri qarşısında keçirilməsinin zəruriliyini qeyd etmişdir.

    Tədbiri DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev yekunlaşdırmışdır.

     

    Ramiz HƏMİDOV

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 16:01

İsmarıclar bağlıdır.