Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    ÖLKƏ BAŞÇISININ SƏDRLİYİ İLƏ NAZİRLƏR KABİNETİNİN İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNAN İCLASI KEÇİRİLİB

    1 Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    İclası dövlət başçısı giriş nitqi ilə açıb.

    2017-ci ilin birinci rübündə  ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən Prezident 2017-ci ilin də Azərbaycan üçün düşərli olacağını bildirib. Dövlət başçısı təəssüf  hissilə  beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını qeyd edib. O, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü də söyləyib.

    Bu ilin ilk 3 ayı ərzində  xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdə iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. 2017-ci ilin ilk 3 ayında Azərbaycana 7  dövlət başçısının səfər etdiyini xatırladan dövlət başçısı bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirib. Prezident qeyd edib ki, bu ilin birinci rübündə Bakıda keçirilən, 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət  və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən Prezident İlham Əliyev bildirib ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlət başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu  Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən  çıxarılmalıdır. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.

    Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma “referendum”la Ermənistanın bir daha özünü biabır etdiyini vurğulayıb.

    Dövlət başçısı məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd edib. Prezident İlham Əliyev əminliklə bildirib ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs oldu.

    Cocuq Mərcanlı kəndinin bərpasından, məcburi köçkünlərin həyat şəraitinin  yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Prezident daha sonra  iqtisadiyyatımızın əsas göstəriciləri üzrə əldə edilən uğurlardan danışıb, ilin ilk 3 ayı ərzində  qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirib. Birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarımızın 38,5 milyard dollar  təşkil etdiyini deyən dövlətimizin başçısı bunu önəmli  məsələ adlandırıb. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə  17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.

    Bu göstəricilərin iqtisadi inkişafımızı aydın əks etdirdiyini, gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyimizi deyən Prezident İlham Əliyev birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını deyən dövlətimizin başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırıb.

    Müdafiə sənayesi naziri Yavər Camalov, “Azər- baycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətin sədri Rauf Vəliyev iclasda çıxış ediblər.

    İclasa yekun vuran dövlət başçımız makroiqtisadi sabitliyin möhkəmləndirilməsinin əhəmiyyətindən, süni qiymət artımının yol verilməzliyindən, dövlət büdcəsinin icrası vəziyyətindən, bu ilki investiya proqramlarının tam şəkildə icrasının vacibliyindən, inşaat sektorundakı canlanmadan danışıb, sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırıb, qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı məsələlərindən bəhs edib.

    Bölgələrdə məşğulluğun artırılmasının vacibliyini bildirən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır.

    Sonda  dövlətimizin başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğulayıb.

    “KÜR”

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 16:04

İsmarıclar bağlıdır.