Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 04İyl

    8 NÖMRƏLİ TAM ORTA MƏKTƏB ”ƏN YAXŞI ÜMUMİ TƏHSİL  MÜƏSSİSƏSİ” MÜSABİQƏSİNİN QALİBİ OLDU

    BU, GƏRGİN ƏMƏYİN MÜKAFATIDIR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2011-ci il 28 iyun tarixində imzaladığı “2010-2011-ci tədris ilində keçirilmiş  “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” Sərəncamda respublikanın müxtəlif bölgələrindən qalib olan məktəblərin içərisində şəhərimizdəki 8 nömrəli tam orta məktəbin adının olması sevincini biz də yaşadıq və  maraqlılığını nəzərə alıb uğura aparan yolun mənzərəsini müxbir qələminin gücü ilə oxucunun gözləri qarşısında sərgiləmək istədik.

    Sevincdən dilin söz tuta bilməməsi ifadəsi hər birimizə tanışdır. Amma bizlərdən heç də hamımız yaşadığı sevinc hissi üzündən danışa, sözləri hisslərinin tərcümanına çevirə bilməyən insanla rastlaşmamışıq. Lakin bu çox, olduqca çox maraqlı mənzərədir. Şahidi olduğumdan belə  iddialı danışıram. Qalib məktəbin direktoru Mehriban Məcnunovanın sözün həqiqi mənasında dili söz tutmurdu, amma elə-belə yox, aşıb-daşan sevincin təsirindən…

    Görkəmli ədib, ictimai xadim Şıxəli Qurbanovun adını daşıyan 8 nömrəli məktəb öz ənənəsi olan təhsil müəssisəsidir. Hər zaman təhsildə əldə etdiyi nailiyyətləri  ilə tanınan məktəbə ayrı-ayrı vaxtlarda pedaqoji işdə böyük təcrübəsi və bacarığı olan, müəllimlik peşəsinin müqəddəsliyinə xidmət göstərmiş insanlar- Ramazan İsayev, İsmayıl İsmayılov(Tanrı hər ikisinə rəhmət eləsin!) rəhbərlik etmişlər. Bir zamanlar oxuduğu məktəbə direktor təyinatı alanda gənc, pedaqoji təcrübəsi az olan Mehriban Məcnunovanın məsuliyyəti də ağır idi. O, illərin estafetini davam etdirməli idi. Çətin idi. Amma ona göstərilən etimadı doğrultmaq üçün çalışdı.

    Kollektivin təcrübəli müəllimləri ən yaxın köməkçiləri oldu. Qısa vaxt ərzində uğura aparan istiqamət müəyyənləşdi: güclü nizam-intizam, keyfiyyətli tədris. Hədəf elmli, vətənpərvər nəsil yetişdirmək. Bütün bunlar isə öz nəticəsini göstərdi. 8 nömrəli məktəbin adı qabaqcılların sırasında yer aldı.

    Yevlax təhsilinin tarixinə bir-birindən ürəkaçan hadisələri məhz bu məktəbin yetirmələri yazıb. Son üç ilin nəticələrinə nəzər saldıqda söylədiklərimiz təsdiqini tapır. Belə ki, 2008-ci ildə məktəbin 32 məzunundan 15-i, 2009-cu ildə 34 məzunundan 15-i, 2010-cu ildə isə 31 məzunundan 16-sı müxtəlif ali məktəblərə daxil olmuşlar. Bundan başqa, məktəbin 2008-ci ildə 3, 2009-cu ildə 2, 2010-cu ildə isə 4 nəfər yetirməsi ali məktəblərə qəbul imtahanlarında  500-dən artıq bal toplamışdır. 2008-ci ilin nəticələrinə görə TQDK-nın qəbul imtahanlarının nəticələrinə dair Statistik məlumatında məktəb respublika üzrə yaxşı məktəblərin sırasına daxil edilmişdir.

    Son üç ildə məktəbin üç şagirdi-Vüqar Qarayev, Sübhi İsmayılzadə və Nərmin Əlizadə FLEX proqramı çərçivəsində keçirilən müsabiqələrin qalibi kimi Amerikada birillik təhsil hüququ qazanmışdır.

    Yevlax məktəblilərinin respublika olimpiadalarında və müsabiqələrində iştirakı da daha çox 8 nömrəli məktəbin şagirdlərinin adı və uğurları ilə bağlıdır. Nərmin Əlizadənin Azərbaycan tarixi fənni üzrə olimpiadaların respublika turunda birinci yerə layiq görülərək diplomla təltif olunması, Ülkər Həsənli və Cəmilə Səfərlinin biologiya fənni üzrə yenə də respublika turunda IV yeri tutaraq fəxri fərman alması, Humay Məhərrəmovanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevi düşünərkən” inşa müsabiqəsinin respublika mərhələsində fəal iştirakının fəxri fərmanla qiymətləndirilməsi bunun əyani sübutudur. Bu uğurlara istedadlı şagirdlərin rəsmlərinin, idmançı yetirmələrin yarışlardakı qələbələrinin layiq görüldüyü təltifləri də əlavə etmək lazımdır.

    Biz məktəbdə olarkən oradakı canlanma  diqqətimizi cəlb etdi. Öyrəndik ki, məzunlara attestat veriləcək. Bu münasibətlə düzənlənmiş tədbirdə məktəbin direktoru məlumat verdi ki, 2011-ci ilin buraxılış imtahanlarında iştirak etmiş 55 şagirddən yalnız bir nəfəri qeyri-müvəffəq qiymət almışdır. Məktəbin iki şagirdi- Fəzilət Səmədova və Nərmin Əlizadə xaricdə təhsil alacaqlar. Sonra olduqca səmimi bir ovqatda onbirincilərə orta təhsil haqqında sənəd-attestat verildi.

    Bizimlə görüşdə məktəbin direktoru olduqca həyəcanlı şəkildə müsabiqədəki iştirakından da danışdı. Bildirdi ki, Təhsil Nazirliyinin əməkdaşlarından və respublikanın təhsil sahəsində tanınmış mütəxəssislərindən ibarət Təşkilat Komitəsi qarşısında rəhbəri olduğu məktəbin nailiyyətlərindən həyəcan və sevincqarışıq bir qürurla danışıb.

    Ayrılarkən bir daha Mehriban Məcnunovanı təbrik etdik. O isə təşəkkür etdi və :

    -Bu, bizim məktəbin kollektivinin gərgin əməyinin mükafatıdır. Çəkdiyimiz zəhmət dəyərini alıb və bunun üçün respublika Prezidentinə dərin minnətdarlığımızı bildiririk. Ölkəmizdə təhsil üçün yaradılan şərait, müəllimlərə göstərilən diqqət və qayğı bizdən bundan daha yaxşı işləməyi tələb edir,-dedi.

    Xanım NƏSİBOVA.

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 12:28

Bir ismarıc

WP_Cloudy
  • Qalib İbrahimoglu yazır:

    Ş.Qurbanov adına 8 saylı orta məktəbin “İlin ən yaxşı məktəbi” olması münasibətilə dogma məktəbimin bütün kollektivini ürəkdən təbrik edir, onların həmişə öncüllərin sarasında olmasının arzulayıram. Sükanı belə saxlayın.
    Hörmətlə, 8 saylı orta məktəbin məzunu, “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoglu

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*