Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 16Yan

     Yaşadığı dövrün tarixi bir əsrdən də əvvələ gedib çıxan İbn Sinanın özündən sonrakı nəsillər üçün qoyub getdikləri bu gün də insanlar üçün aktualdır. 980 -ci ildə Buxara yaxınlığındakı Afşana
    kəndində dünyaya göz açmış bu dahinin qabiliyyət və istedadı lap kiçikliyindən üzə çıxıb.

     …Balaca İbn Sina  bir saxsı oyuncaqla oynayırmış, birdən oyuncaq əlindən düşüb qırılır. Körpə uşaq buna sarsılır, elə ilk sözünü də o zaman tələffüz edir: “Niyə?”. Sonrakı bütün şüurlu həyatı boyu o müxtəlif “niyə” lərə cavab axtarır. Valideynləri uşaqdakı qabiliyyəti çox tez fərq edir, Buxaraya köçürlər, çünki məqsədləri ona yetərli tərbiyə və savad vermək olur. Bundan sonra onlar kiçik İbn Sinanı  müəllimlərə tapşırırlar. Qısa müddət ərzində  yeniyetmə müəllimlərini təəccübləndirir. O paralel olaraq ərəb dilini, fəlsəfəni, stilistikanı, tibbi, astronomiyanı öyrənmək üçün müəllimlərdən dərs alır.

    Deyilənə görə, unikal zəkaya sahib olan İbn Sina 8 yaşında artıq hafiz imiş, yəni Qurani-Kərimi əzbər bilirmiş. Həkimlər həkimi öz xatirələrində çalışmalarına belə aydınlıq gətirir: “16 yaşım olanda gecələri və gündüzləri elm öyrənməkdən başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra şamı yandırıb oxumağa başlayırdım. Bəzən yuxu məni təntidir, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm. Bütün elmləri öyrənənə qədər belə davam elədi”.

    Təkcə onu qeydə dəyər ki, 17 yaşlı yeniyetməni artıq elmi dairələrdə kamil alim kimi qəbul edirdilər. 20 yaşında isə o artıq bir neçə kitabın müəllifi idi. Dahi insan təbii elmlərə dair geniş və  əhatəli ensiklopediya, qanunların 20  cildlik izahı, etikaya dair kitab və tibbi lüğətin müəllifi idi.

    İbn Sina taun, vəba, sarılıq kimi qorxunc xəstəliklərin səbəblərini analiz etmişdi, həmçinin meningit, mədə xorası kimi xəstəliklərin müalicə üsullarını işləyib hazırlamışdı. İlk dəfə göz əzələlərinin quruluşunu da bu məşhur alim təsvir edib. Ona qədər dünya tibb elmində belə güman edirdilər ki, göz fənər kimi işığı şüalandırır.

    İbn Sinanın elmi irsi olduqca böyük və heyrətamizdir. Belə hesab edirlər ki, o ömrü boyu 450 -yə qədər əsər qələmə alıb. Bu əsərlər isə ən müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, minerologiya, poeziya, musiqi və s. Dahinin ən məşhur əsəri isə “Qanun ət – Tibb” adlanır. Bu kitab 5 cilddən ibarətdir. Əsərdə farmakologiya haqqında əsas biliklər, ürəyin, qaraciyərin, beynin detallı təsviri verilib. Bundan başqa kitabda taun və vəbanın fərqi əks olunur, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası barədə o vaxt  üçün çox qiymətli bilgilər toplanıb.

    Qısa zaman ərzində “Qanun” bütün dünyada tibb ensiklopediyası kimi tanındı və qəbul olundu. Dünyada çap maşını ixtira olunandan sonra ilk nəşr olunan kitab “Bibliya” idisə, ikinci kitab isə “Qanun” idi. Avropada 5 əsrdən artıq tibb elmini məhz bu kitabdan öyrəniblər. Yalnız səkkiz yüz il keçəndən sonra fransız alimi Paster yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etdi.

    Deyilənə görə, İbn Sina nəbzə görə xəstələrə diaqnoz qoya bilirmiş. Onun bu bacarığı barədə bir rəvayət var. Rəvayətə görə, İran şəhərlərinin birindən keçəndə xəstə adamlar toplaşıb xahiş edirlər ki, böyük loğman onlara heç olmasa diaqnoz qoysun. Vaxt az, növbə isə həddən artıq imiş. İbn Sina təklif edir ki, adamlar sıraya düzülsün, hər kəs qoluna bir kəndir bağlasın. Dahi həkim sıranın önündən keçib o kəndirləri əlinə almaqla nəbzləri dinləyəcək və beləcə diaqnoz qoyacaq. Qoca bir qadın həkimi sınamaq qərarına gəlir və  donunun altında gizlətdiyi bir pişiyin pəncəsinə  ona verilən kəndiri bağlayır. İbn Sina adamların xəstəliyini söyləyərək, gəlib çatır qadının önünə. Onun kəndirini əlinə alır və qarıya deyir: “Sən bu günlərdə pişik doğacaqsan”.

    Həkimlər həkimi tanınmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün İbn Sinanın çalışdığı yerə qonşuluqda yaşayan bir uşaq gəlir. O deyir ki, ocaq qalamaq üçün onlara köz lazımdır. Alimlər uşağa deyir: “Sən özünlə közü aparmaq üçün heç nə gətirməmisən, onu necə aparacaqsan?”. Uşaq bir anlığa duruxur, sonra isə yerdən bir ovuc torpaq götürüb deyir ki, közü ora qoysunlar. Alimlər onun fərasətinə heyran qalırlar, İbn Sina isə onun validneynlərinin yanına  adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər.

    İbn Sina yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxın və əzizdir. Onu da qeydə dəyər ki, Azərbaycan filosofu Bəhmənyar Şərq peripatetiklər məktəbinin ən böyük nümayəndələrindən biri, fəlsəfədə İbn Sinanın ən qüdrətli davamçısı olub.

    Çağdaş zamanımızda da Buxarada İbn Sina haqqında çox maraqlı əfsanə və rəvayətlər dolaşmaqdadır. Onlardan birində deyilir ki, o qocalanda elə 40 dərman düzəldibmiş ki, bununla ölünü də diriltmək mümkünmüş. Lakin şagirdi bu dərmanları ustada lazımi ardıcıllıqla verə bilmədiyindən İbn Sina əbədiyyət yuxusundan ayılmır.

    Bu əfsanədə İbn Sinanın zəkasının gücünə inam ifadə olunub.

     

    Hazırladı: Mahiyyə ƏLİYEVA,

    terapevt-həkim.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 16:12

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*