Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 24мая

    “ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN”

     Həmyerlimiz, Ş.Qrbanov adına şəhər 8 nömrəli orta məktəbin XI sinif şagirdi Humay Məhərrəmova  Azərbaycanın Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” respublika inşa  yazı müsabiqəsinin  nəticələrinə görə IV dərəcəli  diploma layiq görülmüşdür.

     Aşağıda Humay Məhərrəmovanın inşa yazısını ixtisarla oxucularımıza təqdim edirik.

     Sevimli həmvətənlərim! Hər bir azərbaycanlı kimi mənim də qəlbimdə uca və möhtəşəm bir məhəbbət yaşayır. Heydər Əliyev məhəbbəti. Odur ki, qadir Allahdan bir diləyim var. Mənə qüdrət versin. Elə bir qüdrət ki, bənzərsiz həyat yaşamış, xalqımın tarix kitabının qızıl səhifələrini yazmış ulu öndər, dahi Heydər Əliyevə olan ülvi məhəbbətimi, hüdudsuz sevgilərimi ifadə edə bilim. Axı adi bir məktəbli üçün ürəyinin dərinliklərində coşub-çağlayan duyğulardan söz açmaq o qədər də asan deyil.

    Xalqı zirvələrə qaldırmaq üçün,

    Sevgi şahlığının taxtına çıxdın.

    Oğul xalq üçündür, zirvə dağ üçün,

    Nə yaxşı bu xalqın baxtına çıxdın.

     Bəli, bu, şirin bir həqiqətdir. Heydər Əliyev Azərbaycan xalqının mənəvi sərvəti, bəxtinə düşmüş Tanrı payıdır! Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük düha, güclü və müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur.

     Əziz oxucum! Heydər Əliyev tarixi yaradan idi, tarixin özü idi. Tarix isə yalnız böyük dühaların parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünyanın tarix kitabına Şəmsəddin Eldəniz, Cavanşir, Babək, Qızıl Arslan, Şah İsmayıl Xətai kimi qüdrətli şəxsiyyətlərin adını qızıl hərflərlə yazmışdır.

     XX yüzillikdə xalqın daha bir dahisi yetişdi-Heydər Əliyev. Atatürk, Vaşinqton, Nehru kimi  Heydər Əliyev də dünyanın nadir simaları arasında layiqli yer tutdu. O, dünya tarixinin azərbaycanlı Dahisi  oldu.

     Aqillərdən biri demişdir: “Elə yaşa ki, öləndən sonra da ölməyəsən”. Ölməzlik, həmişəyaşarlıq isə ancaq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir. Bənövşə ətirli bir bahar günündə dünyaya göz açan bu bahar oğlu xalqına əbədi bahar gətirmiş, öz ömür kitabını şərəfləndirən cahanşümul uğurlara imza atmışdır. Hətta əynində gəzdirdiyi sovet dövlətinin general mundiri  belə qəlbində daşıdığı vətən, millət sevgisinə kölgə sala bilməmişdi.

     Zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı. “Əsrin müqaviləsi”ni imzaladı. Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Torpaq sahibinə-kəndliyə qaytarıldı.

     Torpağının bir hissəsi işğal olunmuş dövlətə güclü ordu lazım idi. Ulu öndər onu da yaratdı. Ətrafında minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı da o oldu.  Müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli istiqlal bayrağı başımızın üstündə yenidən dalğalandı. Azərbaycan yenidən müstəqil  siyasi varlığa çevrildi.

     Ulu öndər, Siz dağsınız. Arazın o sahili və bu sahilində yaşayan soydaşlarımız iki dağa ən böyük dayaq, nicat rəmzi, səadət nişanəsi kimi baxırlar. Cənubi Azərbaycanda Heydərbaba dağına, Şimali Azərbaycan respublikasında Heydər baba dağına.

     Əziz babam. Siz həmişə azərbaycanlı olmağınızla fəxr etdiyiniz kimi, Azərbaycan xalqı da dünyaya sizin kimi dahi bəxş etdiyi üçün qürurlanır. Heç bir lider xalqını sizin kimi sevməyib, Sizdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə “Yol” dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənə, xalqa sədaqəti məhz sizdən öyrənirlər.

     Həyatın acı qanunları da varmış. Əcəl bir dahini sevdiyi xalqından ayırdı. Tarix səhnəsində millətin taleyindəki ən baş rolu oynayan, müstəqil Azərbaycanın memarı və qurucusu olan  bir rəhbərin böyük arzularla döyünən qəlbi əbədi susdu. Onu sevən milyonlar kimi mən də yoxluğuna inana bilmirəm. Dünyadan vaxtsız getmiş ata-anamın ölümünə inanmadığım kimi. Xalqının müəllimi, sərkərdəsi, rəhbəri, fəxri olan bir dahi də ölərmi?! Heydər Əliyev də ölərmi?! Əsla yox!

     Mən Ulu Öndəri, doğmalarımı itirmişəm. Ancaq inamımı, ümidimi  itirməmişəm. Çünki Heydər Əliyev ocağının  qılınc kimi kəsərli  sözü, əməli olan İlham Əliyev, Tomris qeyrətli, Sara xatun siyasətli Mehriban Əliyeva kimi varisləri var. Onlar da biz gəncləri çox sevir, xoşbəxt gələcəyimiz üçün əllərindən gələni əsirgəmirlər. Mən nikbinəm. Bilirəm ki, sabahım bu günümdən də gözəl olacaq. Ali məktəbdə oxuyub müəllim olmaq arzusundayam. Bu peşəyə yiyələndikdə isə ilk dərsim, əlbəttə ki, “Heydər Əliyev” olacaqdır.

     Oxucu dostum! Dahi rəhbər vaxtilə demişdir: “Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam”. O, doğrudan da həmişə bizimlə olacaq. Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalır. Onun ən böyük abidəsi  isə xalqın ürəyindədir.

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:58

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*